Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində 190 manatlıq yardım verilməsi nəzərdə tutulub. Hazırda işsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır.

Bir sıra vətəndaş sözügedən ödənişi almaq üçün müraciət qaydalarını bilmədiklərini qeyd edib.

Bu baxımdan saytda qeydiyyat və müraciət prosesini mərhələli şəkildə izah edirik.

Birdəfəlik ödəməni yalnız işsizlik statusu rəsmiləşdirilmiş şəxslər ala bilər (qeyd edək ki, qanuna əsasən, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; əyani təhsil alan tələbələr və b. məşğul şəxs sayıldığından işsiz şəxs kimi qeydiyyata alına bilməzlər).

İşsizlik statusunuzu rəsmiləşdirmək üçün ilk olaraq www.e-sosial.az saytına daxil olursunuz.

Daha sonra e-xidmətlər bölməsini açırsınız.

Açılmış pəncərədə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xanasını seçirsiniz. 

Əgər asan imza və ya elektron imzanız yoxdursa, onda istifadəçi Fərdi İdentifikasiya Nömrəsi (FİN) ilə  daxil olmalısınız. Bunun üçün “İstifadəçi FİN-i ilə” xanasını seçirsiniz.

Onlayn qaydada İstifadəçi FİN-nin əldə olunması üçün saytda qeydiyyatdan keçməlisiniz. Odur ki, “Qeydiyyatdan keçin” düyməsini seçərək şəxsiyyət vəsiqənizin FİN kodunu və adınıza olan mobil nömrənizi daxil edirsiniz. 

Mobil telefonunuza gələn aktivasiya kodunu uyğun xanada yazıb, öz şifrənizi təyin etməklə qeydiyyatınızı tamamlayın. 

İstifadəçi FİN-i ilə daxil olun, şifrənizi yığın və məşğulluq bölməsinə daxil olub, orda uyğun məlumatları yerləşdirin.

Qeyd edək ki, dünəndən etibarən sayta giriş ağırlaşıb. 

Əgər sistemdə problemlə qarşılaşsanız, 142 çağrı mərkəzinə zəng edin, əlavə məlumat alın. 

Ailədən bir neçə şəxsə də 190 manatlıq yardım veriləcək

İşsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) ailədə əmək qabiliyyətli, lakin faktiki işsiz olan və sosial ödəniş almayan övladlara da veriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, əgər ailədə ər və arvad ikisi də işsizdirsə, onlardan birinə, eyni zamanda ailənin digər üzvləri (məsələn, ailənin oğlu və ya qızı) işsizdirsə və sosial ödəniş almırsa, onlara da veriləcək.

2020-ci il 1 aprel tarixinə qədər işsiz kimi qeydiyyata alınanlarla yanaşı, xüsusi karantin rejiminin davam etdiyi dövrdə də işsiz kimi qeydiyyata alınan şəxslər də bu birdəfəlik ödəməni alacaqlar. Artıq bir dəfə müraciət etmiş şəxsin təkrar müraciətinə ehtiyac yoxdur.

Həmçinin şəxsiyyət vəsiqəsinin müddəti bitmiş şəxslər üçün də xüsusi karantin rejimi dövrünə müraciət imkanı yaradılıb. Belə ki, onların şəxsiyyət vəsiqəsinin müddəti xüsusi karantin rejiminin sonunadək uzadılıb.

Nə düşünürsünüz ?
Like
Love
Haha
Wow
Sad
Angry

BİR RƏY BİLDİRİN

Please enter your comment!
Please enter your name here